
Gün ərzində Google, Facebook, yerli saytlar kimi bir çox veb saytdan istifadə edirik. Daxil olduğumuz hər veb sayt fərqli görüntüyə, fərqli funksiyalara malik olur. Bəs heç düşünmüsünüzmü, bu saytlar necə hazırlanır?
Veb saytları hazırlamaq üçün veb proqramlaşdırma texnologiyalarından istifadə olunur. Bu texnologiyalara nümunə olaraq Html, Css, Javascript, Php, Mysql texnologiyalarını göstərmək olar.
15 il öncəyə getsək, veb saytları hazırlamaq üçün sadəcə bir veb proqramçı tələb olunardı. Hazırlanan saytlar çox da mürəkkəb olmurdu, dizaynları və funksionallığı sadə olduğu üçün bir proqramçı həm saytın görüntüsünü, həm funksionallığını hazırlaya bilirdi. Ancaq illər keçdikcə texnologiya şirkətləri çox böyüdü və sistemləri daha sürətli, daha gözəl olsun deyə yeni texnologiyalar yaratdılar. Bu texnologiyalarla veb saytlar daha sürətli, daha gözəl hala gəlir. Bu texnologiyalara misal olaraq, ReactJs, AngularJs və s. texnologiyaları misal gətirmək olar. Texnologiyalar çoxaldıqca, veb saytlar qəlizləşdikcə artıq bir nəfər üçün veb saytı tam hazırlamaq çətin hala gəldi. Çünki bir nəfər həm fiziki olaraq işləri çatdıra bilməzdi, həm də lazım olan texnologiyaları mükəmməl öyrənə bilməzdi. Yəni, bir nəfərin həm Javascript, həm ReactJs, həm də Php dillərini mükəmməl bilməsi çətin hala gəlirdi. Burada artıq məşhur bir prinsip işə düşür: "Böl və idarə et". Saytın görüntü hissəsini ayrı proqramçılar, funksionallıqlarını ayrı proqramçılar hazırlasa daha peşəkar işlər ortaya çıxardı. Saytın görüntü hissəsini hazırlayan proqramçılar front end developer, funksionallıqlarını hazırlayan proqramçılar isə back end developer adlandırılır.
Front end proqramlaşdırma saytın görüntü hissəsinin hazırlanmasına aiddir. Yəni, saytın görüntüsü necə olacaq, rəngi necə olacaq, saytda hansı animasiyalar olacaq, bunları hazırlamaq üçün front end proqramlaşdırmadan istifadə olunur.
Front end proqramlaşdırmada ilk öyrənilməli texnologiyalar Html və Css texnologiyalarıdır. Bu texnologiyalarla saytın görüntüsünü hazırlaya, saytda animasiyalar yarada bilərsiniz. Məsələn, saytdakı rənglər, ölçülər, bir sıra animasiyalar - hamısı html və css ilə hazırlanır.
Front end proqramlaşdırma texnologiyaları arasındakı ən məşhur texnologiyalardan biri də Javascript dilidir. Javascriptlə veb sayta dinamiklik qatılır. Javascript istifadə etmədən də vebsayt hazırlana bilər. Ancaq saytın daha dinamik, daha funksional olması üçün javascrptə ehtiyacımız var. Javascriptlə oyunlar hazırlamaq da mümkündür.
Digər məşhur front end proqramlaşdırma texnologiyaları arasında ReactJs yer alır. Bu texnologiya ilə veb sayt daha sürətli olur, səhifələr yenilənmədən əməliyyatlar aparılır. Bir çox məşhur şirkətlər bu texnologiyadan istifadə edir.
Front end proqramlaşdırma ilə oyunlar hazırlamaq da mümkündür. Bu oyunlar veb brauzerdə işləyir. Ancaq bir sıra köməkçi texnologiyalarla mobil oyunlar hazırlamaq belə mümkündür.
15 il əvvələ getsək, sayt daxilində oyunları yaratmaq üçün Flash-dən istifadə olunardı. Ancaq sonradan Flash dayandırıldı və artıq istifadə olunmamağa başlandı. Ondan sonra artıq Javascript daha da inkişaf etdi və Javascriptlə daha gözəl, hətta üçölçülü oyunlar hazırlanmağa başlandı.
Front end proqramlaşdırma öyrənərək bir çox şirkətlərdə front end developer kimi işləyə bilərsiniz. İş həyatına atılmaq üçün dizaynları yaxşı kodlaşdıra bilməli, Javascript və Reactjs kimi köməkçi texnologiyaları bilməlisiniz. Əvvəllər front end developerlərdən daha az bilik tələb olunardı. Sadəcə html, css və javascript bilərək iş tapmaq mümkün olardı. Ancaq indi iş tapmaq üçün daha çox texnologiya bilmək tələb olunur.