
Oyun oynayan bir çox şəxsin bəlkə də xəyalıdır bir gün öz oyununu hazırlamaq. "Oyun necə yaradılır?" sualına cavab axtarırsınızsa, doğru yerdəsiniz. Oyun yaratmağa necə və haradan başlamaq lazımdır, bunu nəzərdən keçirək. Bu məqalə bir proqramçı gözü ilədir. Yəni, tək başınıza oyun hazırlamaq üçün nə etməlisiniz, ondan bəhs edirik. Daha peşəkar oyunlarda mütləq bir komandaya ehtiyac vardır.
Oyun hazırlamaq üçün ilk olaraq bilməli olduğunuz şey bir proqramlaşdırma dilidir. Proqramlaşdırma dili bilmədən oyun hazırlamaq demək olar ki mümkün deyil. Doğrudur, bəzi proqramlar var ki onlarla proqramlaşdırma bilmədən də çox kiçik oyunlar hazırlamaq olur. Amma proqramlaşdırma bilmədən irəlləmək mümkünsüzdür. Proqramlaşdırma vasitəsilə oyun idarə olunur. Məsələn, istifadəçi d hərfinə basdıqda xarakter sağa getsin, a hərfinə basdıqa sola getsin, enterə basdıqda güllə atsın və s. Bu tip əməliyyatların hər birini kod yazaraq yerinə yetiririk. Proqramlaşdırma dillərinə misal olaraq, C/C++, Python, Gdscript və s. misal göstərmək olar.
Bir proqramlaşdırma dili öyrəndikdən sonra növbəti mərhələ oyun mühərrikidir. Oyun mühərrikinə görə də proqramlaşdırma dilini seçə bilərsiniz. Məsələn, Godot mühərrikindən istifadə edəcəksinizsə Gdscript, Unity istifadə edəcəksinizsə C#, Unreal Engine istifadə edəcəksinizsə C++ öyrənə bilərsiniz. Bütün proqramlaşdırma dilləri bir-birinə oxşayır. Birini öyrəndikdən sonra digərini də rahatlıqla öyrənə bilərsiniz.
Oyun mühərriki daha rahat şəkildə oyun hazırlamaq üçün yaradılmış platformadır. Oyun mühərriki olmadan oyun hazırlamaq daha çətindir. Oyun mühərriki bir çox əlavə imkanlar təqdim edir ki, bu imkanlarla daha rahat şəkildə oyun hazırlamaq olur. Başlanğıc üçün Game Maker Studio mühərrikini də öyrənə bilərsiniz. Bu mühərrik sadə olduğu üçün bu mühərriklə başlamaq daha sadə olar.
Oyunu hazırlamaq üçün dizayn və xarakterlərə ehtiyacınız olacaq. Dizaynı hazırlamaq üçün ya bir dizaynerlə əməkdaşlıq etməlisiniz, ya da internet üzərindən pulla ala bilərsiniz. İkiölçülü oyunlar üçün qiymətlər baha olmur. Amma 3 ölçülü modellər üçün qiymətlər biraz daha baha ola bilər.
Oyunlar 2D (ikiölçülü) və 3D (üçölçülü) ola bilər. 2D oyunlara misal olaraq Mario oyununu, 3D oyunlara misal olaraq isə Gta, Counter Strike kimi oyunları misal göstərmək olar. 3D oyunları hazırlamaq təbii ki daha çətindir. Buna görə də 2D oyunlarla başlamaq daha yaxşı olar.
Oyun daxilində səs və musiqilər də çox önəmlidir. Musiqi yaxşı olduqda oyun daha maraqlı hala gəlir. Oyun üçün musiqiləri bəstələyə və ya hazır onlayn mağazalardan pulla ala bilərsiniz.
Hazırlayacağınız oyun müxtəlif platformalar üçün ola bilər. Bu platformalara misal olaraq, Android, Playstation, Windows və s. göstərə bilərik. Yəni, oyunu həm mobil telefonlar üçün, həm də komputer üçün hazırlaya bilərsiniz. Oyun hazırlandıqdan sonra əgər, android üçündürsə onu Play Store-a yerləşdirə bilərsiniz. Oyunu həm pulla sataraq pul qazana bilərsiniz, həm də oyuna reklamlar yerləşdirərək pul qazana bilərsiniz. Oyun komputer üçündürsə, oyunu Steam platformasında satışa qoya bilərsiniz. Oyunun çox insana çatması üçün düzgün marketing strategiyasının qurulması da önəmlidir.
Gördüyümüz kimi, bir proqramlaşdırma dili və bir oyun mühərriki öyrənərək, musiqiləri, xarakterləri internet üzərindən alaraq tək başınıza müxtəlif oyunlar hazırlaya bilərsiniz. Ancaq daha peşəkar işlər ortaya çıxarmaq üçün dizayner, musiqiçi və s. şəxslərin yer aldığı bir komandaya ehtiyac var.